Əmək məzuniyyətindən geri çağırılma

2020.05.14 14:39 (UTC+04:00)

İşçilərin məzuniyyətdən geri çağırılması zamanı bəzi ümumi suallar meydana gəlir

Məsələyə aydınlıq gətirmək üçün Əmək Məcəlləsinə müraciət etməliyik. Məcəllənin 137-ci maddəsində göstərilir ki, əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma müstəsna hallarda ola bilər: istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun öz razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Bu zaman əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.

İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.

137-ci maddənin müddəaları çox sadə olsa da, bəzi məqamlara diqqət yetirilməlidir:

geri qayıtma işçinin təşəbbüsü ilə olduqda işçi, yaxşı olardı ki, işəgötürənə ərizə və ya hər hansı digər yazılı sənədlə müraciət etsin və geri qayıtmanın səbəbini göstərsin. İşəgötürən razılıq verdikdən sonra əmr, sərəncam və ya qərar imzalana bilər.

Ən əsas məsələlərdən biri budur ki, formasından asılı olmayaraq məzuniyyətdən geri çağırılan işçinin gələcək təminatının necə olacağı əmrdə, sərəncamda və ya qərarda açıqlanmalıdır. Yəni istifadə olunmamış məzuniyyət haqqının geri qaytarılması və ya məzuniyyətdən gələcəkdə istifadə olunması məsələləri göstərilməlidir. İşçi həmin şərtlərlə tanış olmalı və razı olduğunu bildirməlidir.

Misal 1: Tutaq ki, "AA" MMC-nin istehsal sexində çalışan fəhlə 21 gün müddətinə, mühəndis 30 gün müddətinə, mexanik də 30 gün müddətinə əmək məzuniyyətinə buraxılıb. Məzuniyyətə göndərilməzdən əvvəl mühəndisi əvəz edən başqa bir mütəxəssis olmadığına görə müvəqqəti olaraq vəzifəsi kiməsə həvalə edilməyib. Amma mexaniki əvəz edən mütəxəssis və onun vəzifəsini müvəqqəti əvəz edən şəxs olub. Məzuniyyətə göndəriləndən 10 gün sonra istehsalat sexində yanğın baş verib və yanğının nəticələrinin aradan qaldırılması, həmçinin normal istehsalatın bərpası zərurəti yaranıb.

Sual meydana çıxır ki, bu halda "AA" MMC-nin rəhbərliyi hansı işçiləri məzuniyyətdən geri çağıra bilər?

137-ci maddədə istehsalat qəzası ilə bağlı geri qaytarılan işçilər haqqında xüsusi tələb qoyulmadığına görə belə vəziyyətdə MMC rəhbərliyi müxtəlif vəzifə tutan işçinin üçünü də ehtiyac olarsa geri çağıra bilər. Ancaq rəhbərlik fəhləyə ehtiyac duymursa, onu çağırmaya bilər. Bundan əlavə, mühəndisi əvəz edən şəxs olmadığına görə və qəzanın aradan qaldırılmasında mühəndisin birbaşa rolunu nəzərə alaraq onu çağıra bilər. Mexanikin məzuniyyətdən geri çağırılması da eyni mülahizə ilə rəsmiləşdirilə bilər.

Misal 2: Tutaq ki, "AA" MMC-də baş mühasib 30 gün müddətinə məzuniyyətə göndərilib və o gedəndən 20 gün sonra MMC-yə səyyar vergi yoxlaması gəlib. Bundan əlavə, satış meneceri 21 gün müddətinə əmək məzuniyyətinə göndərilib. Müəyyən olub ki, ümumi satış dövriyyəsi aşağı düşüb və 10 gün sonra rəhbərlik onu geri çağırmaq istəyir.

Sual: Bu halda rəhbərlik baş mühasibi və satış menecerini məzuniyyətdən geri çağıra bilərmi?

MMC-də aparılan səyyar vergi yoxlaması ilkin olaraq təxirəsalınmaz hal kimi qiymətləndirilir. Yəni faktiki olaraq əvvəlcədən planlaşdırılmamış hal baş verib ki, baş mühasibin orada iştirak etməsi məcburidir. Vergi Məcəlləsinin müddəalarına görə isə baş mühasib məzuniyyətdə olan halda, yoxlamanı müvəqqəti olaraq təxirə salmaq olar. Odur ki, bu halı həm də təxirə salınması mümkün olan hal kimi qiymətləndirmək olar və yoxlama baş mühasib məzuniyyətdən qayıdandan sonra aparıla bilər.

İkinci halı isə, ümumiyyətlə, təxirəsalınmaz hal kimi qiymətləndirmək düzgün olmaz. Çünki müəssisənin ümumi satış dövriyyəsinin aşağı düşməsi işçinin məzuniyyətə göndərilməməsinə və məzuniyyətdən geri çağırılmasına əsas vermir. Odur ki, belə hallarda geri çağırılan işçi qayıtmaqdan imtina edə bilər.

Qeyd etdiyimiz kimi, işçilər yuxarıdakı hallarda əmr, sərəncam və ya qərarla tanış olmalı və orada göstərilənlərlə razı olduqlarını bildirməlidirlər.

Bir sual da maraqlıdır ki, həm istehsalat qəzaları, həm də xüsusi hallarda bu məsələ necə həll olunur? Tutaq ki, işəgötürən işçini məzuniyyətdən geri çağırır, amma işçi qayıtmaq istəmir və ya işçi məzuniyyət vaxtı ölkədən kənarda olduğuna görə qayıda bilmir. Bu hallar üçün aşağıdakılar nəzərə alınmalıdır:

Belə halların baş verməməsi üçün, yaxşı olardı ki, istehsalat qəzaları, xüsusi hallar nəzərə alınmaqla işçilərlə işəgötürən arasında şəraitin tələblərinə uyğun qarşılıqlı razılaşma olsun.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI