Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icra edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində təsdiq edilmiş Tədbirlər Planı üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstəyi, məşğulluq və sosial rifaha dəstəyi, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir. Bu planın postpandemiya dövrü üçün özəlliyi nədən ibarətdir?
Millət vəkili Vüqar Bayramov bildirib ki, İqtisadiyyat Nazirliyinin hazırladığı iqtisadi paketin özəlliyi bu proqramın sahibkarlara yalnız pandemiya dövründə deyil, strateji olaraq postpandemiya dövründə daha yaxından dəstək göstərilməsi istiqamətində fəaliyyətləri və görüləcək tədbirləri əhatə etməsidir. Bu tədbirlər sahibkarların, xüsusən də fərqli sektorlarda pandemiyanın təsir etdiyi sahələrdə çalışanların birbaşa dəstəklənməsini təmin edəcək.
Artıq sahibkarlar üçün vergi güzəştləri parlamentdə təsdiq olunub. Prezident imzaladıqdan sonra qanun yaxın günlərdə qüvvəyə minəcək. Bu bir tərəfdən postpandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi və bütövlükdə sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir, digər tərəfdən də, təbii ki, iqtisadiyyatın "ağardılmasına", şəffaflığın gücləndirilməsinə şərait yaradır.
Ölkə Prezidentinin dövlət büdcəsinə yeni gəlir mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı göstərişinin məqsədi postpandemiya dövründə iqtisadiyyatdakı şəffaflığın gücləndirilməsinə fiskal baxımdan təsirləri və dövlət büdcəsinə daxilolmaları təmin etməkdir. Bu baxımdan, postpandemiya dövründə iqtisadiyyatın diversifikasiyası, şəffaflığın gücləndirilməsi ilə bağlı tədbirlər daha prioritet olacaq.
Azərbaycan Respublikasının Prezidenti 2020-ci ili dərinləşdirilmiş islahatlar və islahatların davam etdirilməsi ili kimi qiymətləndirib. Bu o deməkdir ki, biz pandemiyadan sonra da islahatların dərinləşməsini müşahidə edəcəyik. Bu, şəffaflığın gücləndirilməsinə xidmət edəcək və fiskal gəlirlərə birbaşa təsir göstərəcək.
2019-cu ildə gizli iqtisadiyyata qarşı aparılan mübarizə 170 min yeni əmək müqaviləsinin bağlanmasına gətirib çıxarmaqla yanaşı, dövlət büdcəsinə nəzərdə tutulandan 1 milyard manatdan çox vəsaitin daxil olmasına imkan yaratdı. Pandemiyaya baxmayaraq 2020-ci ilin dörd ayının yekunlarına görə də büdcəyə nəzərdə tutulandan artıq vəsaitin cəlb edilməsinə nail olunub. Bu müddətdə 100 mindən artıq yeni əmək müqaviləsi bağlanıb. Bu da ondan xəbər verir ki, iqtisadiyyatın "ağardılması" və şəffaflığın gücləndirilməsi həm qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılmasına, rəsmi məşğulluğun miqyasının genişləndirilməsinə, gizli iqtisadiyyatın miqyasının kiçildilməsinə, həm də büdcəyə daxilolmalara birbaşa öz təsirini göstərir. Bu, inklüziv və dayanıqlı iqtisadi inkişaf modelinin formalaşdırılması baxımından vacibdir. Azərbaycan postpandemiya dövründə yeni iqtisadi model tətbiq edəcək. Yeni model sahibkarların və prioritet sektorların dəstəklənməsi ilə bağlı fəaliyyətin gücləndirilməsi, eyni zamanda iqtisadiyyatdakı şəffaflığın, "ağarmanın" genişləndirilməsi ilə bağlı dərinləşdirilmiş islahatların davam etdirilməsindən ibarət olacaq və inklüziv iqtisadi sistemin möhkəmlənməsinə gətirib çıxaracaq.
Fəxriyyə İKRAMQIZI