Azərbaycan apreldə gündəlik 771,4 min barel neft hasil edib

2020.05.12 17:41 (UTC+04:00)

Bu ilin aprel ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 771,4 min barel olub.

Energetika Nazirliyindən bildirilib ki, bunun 679,8 min barelini xam neft, 91,6 min barrelini kondensat təşkil edib. Gündəlik 640,3 min barel xam neft, 86 min barel kondensat, 23,6 min barel neft məhsulları ixrac edilib.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub.

"OPEC+" ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barel, iyul-dekabrda 7,7 milyon barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min bareli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min bareli keçməməlidir.

Mayın 1-dən etibarən "Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarında, "Azneft" İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.