Dövlət maliyyə dəstəyi üçün 127 mindən çox vergi ödəyicisi müraciət edib

2020.05.12 14:08 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 26 min 721 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 100 min 374 fərdi (mikro) sahibkar, cəmi 127 min 095 vergi ödəyicisi müraciət edib.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 91,1 milyon manat, o cümlədən birinci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 45,5 milyon manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 21 min 820 vergi ödəyicisinə 192 min 649 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 43,56 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 100 min 374 vergi ödəyicisindən müraciət daxil olub, 91 min 680 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 55,08 milyon manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 52,8 milyon manat vəsaitin 87 min 393 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.