Yanvar-mart aylarında "Şahdəniz" yatağından - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birgə 4,7 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,7 milyon barrel) kondensat hasil edilib.
Bu barədə "BP Azerbaijan" şirkətindən məlumat verilib. Bildirilir ki, mövcud "Şahdəniz" qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur. 2018-ci il iyulun sonunda "Şahdəniz Bravo" platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir.
Birinci rübdə "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan ("GOGC" şirkətinə) və Türkiyə ("Botaş" şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.
Rüb ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə 219 milyon dollaradək əməliyyat və 219 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.
"Şahdəniz"də iştirak payları belədir: BP (operator) 28,8 faiz, "AzŞD" 10 faiz, "SGC Upstream" 6,7 faiz, "Petronas" 15,5 faiz, "LUKoil" 10 faiz, "NICO" 10 faiz və "TPAO" 19 faiz.