Xaçmaz KOB İnkişaf Mərkəzində fərdi məsləhət xidmətlərinə başlanılır

2020.05.12 12:50 (UTC+04:00)

Startaplar, ailə biznesi, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın inkişafını təşviq edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində mayın 12-dən etibarən fərdi məsləhət xidmətlərinə başlanılır.

KOBİA-dan bildirilib ki, mərkəzdə may ayı ərzində sosial layihələr, dövlət proqramları ilə iş, biznes planın hazırlanması, kənd təsərrüfatı (bitkiçilik), satınalma və tenderlərə müraciət istiqamətləri üzrə məsləhət xidmətləri göstəriləcək. Təcrübəli və peşəkar ekspertlər tərəfindən göstərilən məsləhət xidmətləri sahibkarların fəaliyyətləri zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa kömək etməklə yanaşı, bizneslərinə yenidən nəzər yetirməyə yardım edəcək. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-lar qeyd olunan məsləhət xidmətlərindən yararlanmaq üçün Xaçmaz KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər (+994 55 222-15-04, khachmazkobim@gmail.com).