Yanvar-mart aylarında Səngəçal terminalı təqribən 66 milyon barrel neft və kondensat, o cümlədən 58 milyon barelədək Bakı-Tbilisi-Ceyhanla (BTC) və təqribən 8 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.
"BP Azerbaijan" şirkətindən bildirilib ki, üç ayda terminaldan, həmçinin gündəlik orta hesabla 51 milyon standart kubmetr (1 milyard 800 milyon standart kubfutdan çox) "Şahdəniz" qazı ixrac olunub.
Rüb ərzində "Azəri-Çıraq-Günəşli" ilə "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və "Şahdəniz" qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.