Cari ilin ilk rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasilat 48 milyon barel, yəni 6,4 milyon tondan çox olub.
"BP Azerbaijan" şirkətindən bildirilib ki, rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üç ayda AÇG-dən ümumi hasilat – "Çıraq" (39 min), "Mərkəzi Azəri" (136 min), "Qərbi Azəri" (125 min), "Şərqi Azəri" (78 min), "Dərinsulu Günəşli" (95 min) və "Qərbi Çıraq" (51 min) platformalarından birgə gündəlik orta hesabla 524 min barel olub.
Rübün sonuna AÇG-də ümumilikdə 129 neft hasilat, 42 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-mart aylarında blokda 4 neft hasilat quyusu qazılıb.
Üç ayda AÇG layihəsinə təqribən 150 milyon dollar əməliyyat və 522 milyon dollaradək əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, "AzAÇG" (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan "Chevron" şirkətini əvəz edib),"Inpex" 9,31 faiz, "Equinor" 7,27 faiz, "ExxonMobil" 6,79 faiz, "TPAO" 5,73 faiz, "Itochu" 3,65 faiz və "ONGC Videsh Limited" (OVL) 2,31 faiz.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.