Azərbaycanda kosmik sənayenin inkişafı ən prioritet istiqamətlərdən biridir

2019.02.04 17:54 (UTC+04:00)

Dövlətimizin başçısına onu qəbul etdiyinə görə minnətdarlığını bildirən Kristian Faythinger ölkəmizə ilk dəfə səfərindən məmnunluğunu ifadə edərək, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verən qonaq bildirib ki, bu gün Beynəlxalq Astronavtika Federasiyasına 68 ölkədən 368, o cümlədən Azərbaycandan olan 3 təşkilat daxildir. K.Faythinger Azərbaycanda kosmik sənayenin uğurla inkişaf etdiyini və bu sahədə ölkəmizin son vaxtlar əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev 1973-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Beynəlxalq Astronavtika Federasiyasının Bakıda keçirilmiş XXIV konqresini məmnunluqla xatırlayıb və o zaman həmin tədbirin beynəlxalq əhəmiyyətli bir hadisəyə çevrildiyini, konqresdə məşhur kosmonavtların və astronavtların iştirak etdiyini vurğulayıb. Azərbaycanda kosmik sənayenin inkişafına toxunan dövlətimizin başçısı bu sahənin ölkədə ən prioritet istiqamətlərdən biri olduğunu deyib və ölkəmizin dünya kosmik ailəsinə daxil olmasını məmnunluqla qeyd edib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.