İtaliya xüsusi xidmət orqanları məhkəmə qərarı olmadan maliyyə sənədlərini əldə edəcək

2018.11.29 17:45 (UTC+04:00)

İtaliyanın maliyə vəsaitlərinin istifadəsinə nəzarət edən, habelə vergi dələduzluğuna qarşı mübarizə aparmaq səlahiyyətlərinə malik Maliyyə Qvardiyası məhkəmə qərarı olmadan maliyyə sənədlərinin məlumat bazalarına daxil olmaq hüququ qazanacaq.

İtaliyanın hakim "5 Ulduz Hərəkatı"nın Vergi Məcəlləsində düzəliş etmək barədə təkliflərinə əsasən, Maliyyə Qvardiyasına istənilən vaxt iri vergi ödəyicilərinin tranzaksiyaları ilə bağlı məlumatları ilə tanış olmaq imkanı veriləcək. Qeyd edək ki, Maliyyə Qvardiyası (Guardia di Finanza) İtaliyanın yüksək səviyyədə təchiz edilmiş nüfuzlu hüquq-mühafizə orqanlarından biridir. Bu qurumun əsas vəzifələri vergi nəzarəti; səhmlərə nəzarət; mütəşəkkil cinayətkarlığa qarşı mübarizə; saxta pul kəsilməsinə qarşı mübarizə; Avropa İttifaqı sistemində fırıldaqçılığa qarşı mübarizə və onun qarşısının alınması; patentlərin, müəllif hüquqlarının, eləcə də milli məhsulların və ticarət markalarının qorunması; İtaliyanın mədəni və arxeoloji irsinin mühafizəsi və s. kimi sahələri əhatə edir. Bunlardan başqa, vergidən yayınmağın qarşısının alınması məqsədilə ölkənin futbol klublarının, eləcə də bahalı brend şirkətlərinin fəaliyyəti də bu qurumun nəzarəti altındadır. Maliyyə Qvardiyası ölkənin iqtisadiyyat və maliyyə nazirinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir.