Mayın 8-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclas keçirilib. İclasda koronavirus pandemiyasından irəli gələn məsələlərlə əlaqədar parlamentə eyni zərfdə daxil olmuş növbəti iki qanun layihəsi də müzakirə olunub. Əvvəlcə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verib. Bildirib ki, dəyişiklik 30-dan çox sahə və fərdi peşə sahiblərinin sığorta haqlarının pandemiya və post pandemiya dövründə 2026-cı ilə qədər xeyli azaldılması, onların sosial müdafiəsinin və məşğulluğunun təmin olunması məqsədini daşıyır.
Layihə səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.
Digər məsələ isə Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsi (üçüncü oxunuş) idi. Komitə sədri Tahir Mirkişili bildirib ki, təklif edilən dəyişikliklər koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.