Tikintiyə icazə prosedurlarının sayı 18-dən 7-yə endirilib

2019.02.04 15:37 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat icmalı"nın xüsusi buraxılışı tikintiyə dair islahatlara həsr olunub. Buradakı materiallar ölkə Prezidentinin fərmanı ilə tikintiyə icazə verilməsi üzrə vahid yanaşma prinsipinin formalaşdırılması ilə səmərəliliyin və şəffaflığın artırılması istiqamətində görülən işlərdən bəhs edir.

Prezident İlham Əliyevin "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası" ilə bağlı 28 dekabr 2018-ci il tarixli fərmanına əsasən, tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması sahibkarın iştirakı olmadan tamamilə elektron qaydada həyata keçirilir. Bununla yanaşı, tikintiyə və istismara icazənin əldə olunması üzrə tələb edilən prosedurların sayı 18-dən 7-yə, sərf olunan günlərin sayı isə 116-dan 38-ə salınıb. Prosedurların sadələşdirilməsi istiqamətində aparılan islahatlar sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırır.

Bütün yeniliklərin xüsusi infoqrafik təsvirlərlə təqdim olunduğu icmalın xüsusi buraxılışı ilə www.iqtisadiislahat.org saytının "İslahat icmalı" bölümündə tanış ola bilərsiniz.


Elxan SALAHOV