"MBA Group" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib ki, təkrar mənzil bazarında həm təklifdə, həm də qiymətlərdə artım müşahidə edilib. Bu seqmentin dəyişən struktur ilə orta qiymətlərində 2,05 faiz, daimi struktur ilə 1,26 faiz, orta çəki qiymətində isə 1,5 faiz artım olub. İlkin mənzil bazarında da təklifdə 5,68 faiz, orta qiymətlərdə isə 2,76 faiz artım müşahidə edilib: "Bahalı mənzillərdə ilkin bazarda 1,6 faiz artım olub. Digərlərində isə ucuzlaşma müşahidə edilib. Orta qiymətə olan mənzillərin qiymətlərində 0,46 faiz, ucuz mənzillərdə isə 0,36 faiz azalma olub".
N.İbrahimov qeyd edib ki, təkrar mənzil bazarında bahalı mənzillərin qiymətlərində 0,1 faiz azalma olub. Orta qiymətdə olan mənzillər 0,25 faiz, ucuz mənzillər isə 2,11 faiz bahalaşıb.
Apreldə kommersiya obyektləri orta hesabla 8,43 faiz bahalaşıb. Torpaq bazarında qiymətlərdə 9,12 faiz artım müşahidə edilib. Mənzil kirayəsi bazarında qiymətlər 0,36 faiz, obyektlərin icarəsində isə 2,53 faiz azalıb. Həyət və bağ evlərinin kirayəsində 0,26 faiz artım baş verib.
N.İbrahimov daşınmaz əmlak bazarında qiymət artımının pandemiyanın nəticəsi olmadığı qənaətindədir: "Burada ilin əvvəlində - yanvar fevral və mart ayının 1-ci yarısında qiymət artımı müşahidə edilirdi. Martın 2-ci yarısı və aprel ayında qiymətlərin artması ilin əvvəlindən müşahidə edilən artım inersiyasının nəticəsidir. Aprel və may aylarında elan edilən karantin və pandemiyanın nəticələrini bazar 3-5 ay sonra hiss edəcək. Burada qiymətlərə tək pandemiya ilə bağlı görülən tədbirlər deyil, eyni zamanda neft birjalarında müşahidə edilən qiymətlər, eləcə də dövlətin daşınmaz əmlak bazarına əhəmiyyətli dəstəyi də təsir edəcək. İnsanların gələcəyə optimist və ya pessimist baxışından asılı olaraq dəyişikliklər də gözlənilir. Kommersiya qurumlarının aktivliyi, dövlət kredit təşkilatlarının bazara göstərdiyi dəstəyin həcmi də qiymətlərə təsir edə bilər. Ehtimal var ki, pandemiyanın təsiri hələ uzun müddət çəkəcək və ilin sonuna qədər ümumi bazarda qiymətlərin azalmasını müşahidə edəcəyik".
İqtisadçı ekspert, "Value&Sources" konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyev koronavirus pandemiyasının yayılması ilə əlaqədar daşınmaz əmlak bazarında aktivliyin aşağı düşdüyünü bildirib: "Karantin dövrü daşınmaz əmlakla bağlı əməliyyatlar üçün əlverişli vaxt deyil. Bu, karantin rejimi tətbiq edilən bütün ölkələrdə belədir. Fərq isə ancaq təsirin az və ya çox olmasındadır. Bu şəraitdə, bir çox ölkələrdə əmlak agentlikləri işlərin təşkilatı səviyyədə (məsələn, müştəri ilə ünsiyyət, müştəri axtarışı və s.) onlayn rejimdə aparılmasına daha çox diqqət etməyə başlayıblar. Sözsüz ki, onlayn alğı-satqıdan söhbət gedə bilməz".
Hazırda, əmlak alışı üçün vaxtın uyğun olmadığını deyən eskpert yaxın dövrdə bu sahədə böyük aktivliyin gözlənilmədiyini bildirib: "Burada, təkcə pandemiyanın deyil, digər amillərin də rolu var. "Hazırkı şəraitdə alıcıların bazara qayıtması üçün 4 şərt lazımdır:
1. Ucuzlaşma – qiymətlərin əhəmiyyətli dərəcədə enməsi müştəri cəlb edə bilər, lakin qiymətlərdə əhəmiyyətli eniş görmədiyimiz üçün biz bunu müşahidə etmirik;
2. Makroiqtisadi dayanıqlığın gələcəkdə də təmin edilməsi. Bu, əmlakın investisiya cəlbediciliyə təsir edəcək;
3. Əmlak alışı üçün ucuz maliyyə resurslarının mövcud olması. Məsələn, ipoteka kreditləşməsi əvvəlki tempdə bərpa olunsa və ya daha da artırılsa, bir sıra seqmentlər üzrə aktivlik artacaq;
4. Postpandemiya dövründə əhalinin gəlirlərinin bərpası və əvvəlki artım tempinin bərpası".
Əlavə şərtləri də istisna etməyən R.Əliyevin fikrincə, daşınmaz əmlak bazarındakı fəallığın tezliklə bərpası gözlənilmir.
Fərqanə ALLAHVERDİQIZI