Milli Məclisin mayın 8-də keçirilən plenar iclasında "Sosial sığorta haqqında" Qanuna dəyişikliklərlə bağlı məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanuna təklif edilən dəyişikliklərə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılıb.
Qüvvədə olan Qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Hazırda minimum aylıq əməkhaqqı 250 manatdır.
Hazırda sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, yəni 125 manat, digər sahələrdə 25 faizi miqdarında, yəni 61-62 manat sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Layihəyə əsasən, bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 50 faizi deyil, 25 faizi, digər sahələrdə isə 25 faizi deyil, 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. 2021-ci il 1 yanvardan 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.