ABŞ hökuməti polad və alüminium idxalına yeni tariflər tətbiq edəndən sonra Avropa İttifaqının (Aİ) da qarşılıqlı addım atmasını nəzərdə tutan qərarı artıq qüvvəyə minib – Aİ ölkələrinə gətirilən polad məhsullarının idxalına məhdudiyyət qoyulub.
Aİ-nin rəsmi qəzetində nəşr edilmiş açıqlamaya görə, 2021-ci ilin iyun ayına qədər Avropaya hər cür polad idxalına kvota tətbiq olunacaq. Açıqlamada qeyd edilib ki, ABŞ-ın polad məhsullarına vergi tətbiq etmək barədə qərarı ilə əlaqədar qarşılıqlı tədbir görmək üçün 2018-ci ilin mart ayında Aİ tərəfindən araşdırma başladıldı. Araşdırma Aİ ölkələrinə polad məhsulları idxalının kəskin şəkildə artmaqda olduğunu müəyyənləşdirdi. Buna görə də Avropa istehsalçılarının narahatlığını aradan qaldırmaq üçün Aİ ərazisinə hər cür polad məhsullarının idxalı kvota çərçivəsində aparılacaq. Avropalı istehsalçılar Aİ bazarlarında ABŞ-a idxal edilməyən polad məhsullarının ola biləcəyini bildirirlər.
Xatırladaq ki, Avropa Komissiyası yanvar ayında verdiyi açıqlamada Aİ ölkələrinin müdafiə tədbirləri görmək planını dəstəklədiyini və qəti tədbirlərin fevral ayının əvvəlində qüvvəyə minəcəyini bildirmişdi.