Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə görülən sosial dəstək tədbirləri əhalinin 48 faizindən çoxunu əhatə edir

2020.05.07 12:55 (UTC+04:00)

Pandemiya ilə əlaqədar sosial sahədə dövlət tərəfindən yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə təqdim olunan dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə edir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, sosial dəstək aksiyaları isə həm Bakı, həm də respublikamızın bölgələri üzrə olmaqla 100 minədək ailənin ərzaq yardımı ilə təminatını, 15 min tənha yaşlıya və əlilliyi olan şəxsə evlərində sosial xidmətin göstərilməsi işlərini əhatə edir.

Nazir, həmçinin qeyd edib: “Xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-i ötən vətəndaşların sağlamlıqlarının qorunması üçün onların evdən çıxmaları qadağan olunub. Bununla əlaqədar Prezident İlham Əliyevin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində onlara evlərində gündəlik sosial məişət xidmətləri göstərilir.

Həssas əhali qruplarının qayğı ilə əhatə olunmasında Heydər Əliyev Fondunun humanizm və mərhəmət, xeyirxahlıq prinsiplərinə əsaslanan çoxşaxəli tədbirləri, sosial layihələri pandemiya dövründə də xüsusilə geniş vüsət alıb. Fondun “Regional İnkişaf” İctimai Birliyi respublikanın bütün rayon və şəhərlərində tənha yaşayan vətəndaşlara, həssas əhali qruplarına ərzaq yardımları ediblər. Bu günlərdə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən sağlamlıq imkanları məhdud olan 30 min uşağın ailəsinə də ərzaq yardımlarının verilməsinə başlanılıb”.