Mayın 4-dən etibarən vətəndaşlara birdəfəlik müavinətlər təqdim olunur.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə mayda hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Tədbirlər Planına əsasən, “Rabitəbank” 21 min nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunmasını həyata keçirməyə başlayıb. Belə ki, vətəndaşlar “Rabitəbank”ın lokal plastik kartlarını əldə edərək ödəmələrini “Rabitəbank” ATM-lərindən əldə edə biləcəklər.
Ödəmələr yalnız Bakı şəhərində deyil, bankın fəaliyyət göstərdiyi bütün regionlarda da həyata keçirilir. Vətəndaşlar onlara göndərilmiş SMS bildirişdə qeyd edilən “Rabitəbank” filialına yaxınlaşaraq 190 AZN birfəfəlik yardım olan bank kartlarını əldə edə bilərlər. Qeyd edək ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilərlər. Qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alınmır.