Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" təsdiq edilib. Artıq ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesini həyata keçirmək üçün müvafiq portal (edvgerial.az) istifadəyə verilib. EKVİTA şirkətinin vergi məsələləri üzrə məsləhətçisi Brilyant Əliyeva mövzu ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.
ƏDV-nin qaytarılması mexanizmi həm sahibkarlar tərəfindən daxilolmaların uçotunda şəffaflığın yüksəldilməsi, həm də istehlakçı hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən aparılan kompleks tədbirlərdən biri kimi istehlakçılar tərəfindən nağdsız ödənişlərin həcminin artmasına, uçotdankənar satışların qarşısının alınmasına səbəb olmaqla, eyni zamanda əhali arasında müasir texnologiyanın nailiyyətlərindən istifadə üzrə vərdişlərinin təkmilləşməsinə kömək olacaqdır.
Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV-nin bir hissəsinin qaytarılması yalnız o halda mümkündür ki, satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərsin, ƏDV ödəyicisi olsun və yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadə etsin.
İstehlakçıların diqqət yetirməli olduqları məqamlardan biri budur ki, POS-terminal vasitəsilə ödəniş etdikləri zaman terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadığı halda, satıcı istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verməlidir.
İstehlakçı ƏDV-ni geri almaq üçün portalda elektron kabinet yaratmalıdır. Bunun üçün fiziki şəxs şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə portal üzərindən qeydiyyatdan keçir, daha sonra NKA çekinin məlumatlarını çek çap olunduğu vaxtdan sonra 90 dəqiqədən tez, 90 gündən gec olmayaraq portala daxil edir.
İstehlakçının sistemə daxil etdiyi NKA çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır.
Qaytarılan ƏDV-nin məbləği Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Misal: Tutaq ki, fiziki şəxs olan istehlakçı Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ƏDV qeydiyyatında olan ticarət mağazasından ƏDV ilə birlikdə 590 manat dəyərində nağdsız qaydada, ƏDV ilə birlikdə 354 manat dəyərində isə nağd qaydada mal almış və qanunvericiliyin tələblərinə cavab verən NKA çeki əldə etmişdir.
Qaytarılmalı olan ƏDV məbləğini hesablayaq:
İstehlakçı tərəfindən dəyəri nağdsız qaydada ödənilmiş 590 manatlıq malın dəyərinin 90 manatını (590×18/118=90), nağd ödənilmiş 354 manatlıq malın dəyərinin isə 54 manatını (354×18/118=54) ƏDV təşkil edir.
Bu halda, istehlakçıya qaytarılmalı məbləğ 18,9 manat (13,5+5,4) olacaqdır:
90×15%=13,5 manat;
54×10%=5,4 manat.
İstehlakçının, həmçinin dövlət başçısının 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın və Prezidentin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın tələbləri çərçivəsində ƏDV-nin qaytarılmasını tələb etmək hüququ yarandıqda, istehlakçı öz seçiminə uyğun olaraq, yuxarıda göstərilmiş qaydalardan yalnız birinə əsasən ödənilmiş ƏDV-nin qaytarılmasını tələb edə bilər.
Fəxriyyə İKRAMQIZI