Bu il ictimai iş yerlərinin sayı 90 minə çatdırılacaq

2020.05.06 13:09 (UTC+04:00)

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə əhalinin məşğulluq səviyyəsinin artırılması üçün davamlı tədbirlər görülür, yeni layihələr həyata keçirilir. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ödənişli ictimai iş yerlərinin sayı bu il 38 mindən 90 minə çatdırılacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev verdiyi müsahibədə deyib.

Onun dediyinə görə, indiyə qədər DOST İş Mərkəzi vasitəsilə əlavə 23 min nəfər həmin işlərə cəlb edilib. Hazırda 61 min nəfər əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır.

Nazir, həmçinin qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində bu il minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması işləri aparılır: “Bu sahədə Dünya Bankı ilə birgə layihəyə həyata keçiriləcək və layihəyə əsasən hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə işsiz və əlilliyi olan şəxslərin biznesə çıxışına da dəstək verilir”.