Almaniyanın Köln şəhərində növbəti dəfə məhkəmə qarşısına çıxan məşhur peşəkar boksçu Feliks Şturma həbs cəzası verilib.
Məhkəmədə əynində dəst kostyum və qalstukla iştirak edən keçmiş dünya çempionu hakimin qərarını üzündə maska dinləyib. Məhkəmə 2008-ci ildən 2010-cu ilə qədər ümumilikdə 1 milyon avro məbləğində vergini büdcəyə ödəməkdən yayındırmaq ittihamı ilə F.Şturmu üç il müddətinə azadlıqdan məhrum edib. Vegi qaçaqlığından başqa, onun yarışlar zamanı dopinq qəbul etdiyi də bildirilir.
Bosniya əsilli F.Şturm idman karyerası ərzində 40 yarışa çıxmış, 18-i nokaut olmaqla 40 yarışda qalib gəlmişdir. O, müxtəlif kateqoriyalarda dörd dəfə dünya çempionu adı qazanan ilk peşəkar alman boksçusudur.
Prokuror onu 2008-ci ildən 2015-ci ilə qədər 5 milyon 800 min avro vergi yayındırmaqda ittiham etmişdi. F.Şturm 8 ay həbsdə yatandan sonra 300 min avro ödəniş qarşılığında həbsxanadan çıxmışdı. Almaniya qanunvericiliyinə əsasən, F.Şturmun məhkəmənin son qərarından apelyasiya şikayəti vermək hüququ var.