Birinci rübdə paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 79,8 faiz olub

2020.05.05 18:02 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 8,8 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, sənaye məhsulunun 77,6 faizi mədənçıxarma, 19,7 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faiz olub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,8 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında aprelin 1-nə 300,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,6 milyon manatlıq digər məhsullar da mövcud olub.