Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir

2020.05.05 14:13 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 04 may tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 25.633 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 92.553 fərdi (mikro) sahibkar, cəmi 118.186 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 191.306 işçini əhatə edən 21.472 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 86.36 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 43,18 mln. manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 20.596 vergi ödəyicisinə 186.883 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42,4 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 92.553 vergi ödəyicisindən müraciət daxil olub, 83.870 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 51,57 mln. manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 49,2 mln. manat vəsaitin 78.643 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7