"Amazon" elektron ticarət şirkəti altı mərkəzdə 10 mindən çox işçinin fəaliyyətinin dayandırıldığını bildirərək Fransa dövlətindən yardım istəyib. Şirkət rəhbərliyinin məktubunda qeyd olunub: "Versal Apelyasiya Məhkəməsinin son qərarı açıq şəkildə Fransadakı fəaliyyətimizə təsir etdi. Bu baxımdan Fransadakı digər şirkətlər kimi, dövlətin yardımından bəhrələnmək üçün müraciət edirik".
CGT, CFDT və SUD d’Amazon France həmkarlar təşkilatları şirkətin rəhbərliyinə fəaliyyətini tədricən bərpa etməyi məsləhət görüblər. Bu qurumlar mətbuat açıqlamalarında "Amazon" şirkətinin hissəvi işsizliyə görə yardım istəməsini yersiz hesab ediblər. Bildirilib ki, hissəvi işsizlik yardımı fəaliyyətini davam etdirmək qeyri-mümkün olan müəssisələrin işçiləri üçün nəzərdə tutulub. Həmçinin qeyd edilib ki, "Amazon" ardıcıl iki məhkəmə qərarından yayınmaq məqsədilə Fransada satışı dayandırmaq barədə qərar qəbul etsə də, Avropada satışını davam etdirib.
Versal Apelyasiya Məhkəməsi isə öz növbəsində bildirib ki, şirkət özü mayın 5-dək anbarlarını bağlamağı üstün tutub. Qeyd edilib ki, 100 min avro cərimə çox kiçik məbləğdir. Cərimə üçün icazəsiz satılan məhsulların 0,1 faizi götürülərsə, bir milyard avro edər.