Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında hökumət tərəfindən sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə yanaşı, həm pandemiya, həm də postpandemiya dövrləri üçün bir sıra vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulub. "Sosial sığorta haqqında" Qanuna edilən dəyişikliyə əsasən, vergi ödəyiciləri üçün hesablanan aylıq məcburi dövlət sosial sığorta haqlarının dərəcələri əhəmiyyətli dərəcədə azaldılıb.
İqtisadçı ekspert Anar Bayramov qanuna edilən əsas dəyişikliklərdən tikinti, ticarət və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün hesablanan aylıq məcburi dövlət sosial sığorta haqlarının dərəcələrinin aşağı salınmasının əhəmiyyətini vuğurlayıb. Onun sözlərinə görə, bu qanuna dəyişiklik edilənə kimi ticarət sahəsində fəaliyyət göstərən fiziki şəxs minimum əməkhaqqının 50 faizi miqdarında məcburi dövlət sosial sığorta ödəyirdisə, aprelin 1-dən minimum əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəkdir: "Əlavə olaraq 1 yanvar 2021-ci il tarixədək olan dövr üçün isə hesablanmış sığorta məbləğinə regionlardan asılı olaraq differensiallaşdırılmış faiz nisbəti tətbiq olunacaq.Yəni hesablanmış sığorta məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Məsələn, Sumqayıt şəhərində xidmət sahəsində fəaliyyət göstərən fiziki şəxs əgər 1 aprel 2020-ci il tarixədək hər ay 62,50 manat (250 manat minimum əməkhaqqı*25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdisə, qanuna edilən dəyişiklikdən sonra 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək hər ay 33,75 manat (250 manat minimum əməkhaqqı*15%*90%), 1 yanvar 2021-ci il tarixdən 1 yanvar 2026-cı il tarixədək isə 56,25 manat (250 manat minimum əmək haqqı*25%*90%) ödəyəcəkdir".
Çəkməçilər, pinəçilər, məişət cihazlarının təmiri, fərdi qaydada dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər də hər ay minimum əməkhaqqının 25 faizi miqdarında, yəni 62,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyirdisə, qanuna edilən dəyişikllikdən sonra minimum əməkhaqqının 3 faizi miqdarında, yəni 7,50 manat məbləğində məcburi dövlət social sığorta haqqı ödəyəcəkdir: "Burada diqqət edilməli məqam ondan ibarətdir ki, adı çəkilən fəaliyyət növləri ilə məşğul olan şəxslər işçi cəlb etmədən fərdi qaydada məşğul olduqları zaman minimum əməkhaqqının 3 faizi miqdarında sığorta haqqı ödəyəcəklər. Əks təqdirdə, işçi cəlb edərək adı çəkilən fəaliyyət növləri ilə məşğul olduqda minimum əməkhaqqının 3 faizi miqdarında deyil, minimum əməkhaqqının 15 faiz və yaxud da 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməli olacaqlar.
"Fərqlənmə nişanı" əldə etməklə sərnişindaşıma (o cümlədən taksi fəaliyyəti) və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı da qanunda dəyişiklik edilib. Bu şəxslər üçün minimum əməkhaqqının 6 faizi məbləğində məcburi sosial sığorta haqqı hesablanacaq. Lakin regionlardan asılı olaraq hesablanmış sığorta haqları əmsallara: Bakı şəhərində 2, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 1,5, digər şəhər və rayonlarda - 1,0 əmsalına vurulacaq.
Misal. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxs əgər 1 aprel 2020-ci il tarixədək hər ay 62,50 manat (250 manat minimum əməkhaqqı*25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdisə, qanuna edilən dəyişiklikdən sonra 30 manat (250 manat minimum əməkhaqqı*6%*2 əmsal) ödəyəcəkdir.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ödədikləri aylıq məcburi sosial sığorta haqları ilə bağlı da qanunda dəyişiklik edilib. İndiyədək mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə-kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri torpağın sahəsindən asılı olmayaraq minimum əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdisə, qanuna edilən dəyişiklikdən sonra məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq dəyişəcəkdir. Torpaq sahəsi 5 hektaradək olduqda minimum əməkhaqqının 2 faizi miqdarında, 5 hektardan 10 hektaradək olduqda minimum əməkhaqqının 6 faizi miqdarında, 10 hektardan yuxarı olduqda isə minimum əməkhaqqının 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanacaq.
Fəxriyyə İKRAMQIZI