Dəstək proqramları sayəsində Azərbaycan koronavirus pandemiyasından minimal itkilərlə çıxacaq

2020.05.04 11:15 (UTC+04:00)

Millət vəkili Aydın Hüseynov hesab edir ki, pandemiya şəraitində bu nəticələr çox ciddi nailiyyətlərdir: "İqtisadi hədəfimizin ən başlıca istiqaməti qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu məqsədlə, dərin islahatlar aparılır. Sahibkarlara hərtərəfli dəstək göstərilir, onlar üçün maliyyə əlçatanlığı təmin olunub, biznes fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilik bazasında əsaslı dəyişikliklər edilib. İqtisadi sahədə həyata keçirilən hərtərəfli islahatlar nəticəsində şəffaflıq və hesabatlılıq tam təmin olunub. Hazırda, koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrdə olduğu kimi Azərbaycan iqtisadiyyatında da müəyyən gərginliyin baş verməsi təbiidir. Ancaq gərginliyin azaldılması istiqamətində ölkə Prezidentinin tapşırığı ilə mükəmməl dəstək proqramları hazırlanıb. Bu proqramlar imkan verir ki, pandemiya dövründə həm vətəndaşların sosial vəziyyəti pisləşməsin, həm də sahibkarlığın tənəzzülü, iş yerlərində kütləvi ixtisarlar baş verməsin. Bu məqsədlə, büdcədən 2,5 milyard manat vəsait ayrılıb. Bundan başqa, vergi güzəştlərinin tətbiqinə başlanılıb, həmçinin biznes kreditləri ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulub. Hesab edirəm ki, hökumətin həyata keçirdiyi çevik dəstək proqramları sayəsində Azərbaycan koronavirus pandemiyasından minimal itkilərlə çıxacaq".

Səbuhi TURAN