Qırğızıstan parlamenti hökumətə vergi və kredit tətili verməyi təklif edib

2020.05.01 14:55 (UTC+04:00)

Qırğızıstan Respublikası Ali Məclisinin Büdcə və maliyyə komitəsinin sədri Emil Toktoşev bildirib ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar fövqəladə şəraitdə kiçik və orta biznesin dəstəklənməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, parlament hökumətə böhrandan çıxmaq üçün proqram hazırlamağı tapşırıb: "Hazırda, ölkədə kiçik və orta biznes fəaliyyətini dayandırıb. Pandemiyadan sonrakı dövrdə onların xammal tədarükündə və digər məsələlərdə problemləri yaranacaq. Bununla əlaqədar olaraq, onlara altı ay və daha artıq müddətə vergi və kredit tətilləri verilməlidir. Kredit tətili borc məbləğinin faiz dərəcələrinə tətbiq olunmalıdır".

Komitə sədri əlavə edib ki, hələlik hökumət özünün böhrandan çıxmaq proqramını parlamentə təqdim etməyib.