İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayevin sözlərinə görə, bu sahibkarlara çox böyük dəstəkdir: "Çünki onlar artıq iki aydır ki, öz fəaliyyətlərini dayandırıblar və heç bir gəlirin olmadığı vaxtda belə bir dəstəyin göstərilməsi onların postpandemiya dövründə fəaliyyətlərini aktiv şəkildə davam etdirmələri üçün əhəmiyyətli olacaq. Biz şahidi olduq ki, bəzi sahibkarlar keçən il ödədikləri vergilərin 100 faizini, bəziləri 70 faizini, bəziləri isə 50 faizini əldə etdilər.
Pandemiyadan daha çox zərər çəkmiş xidmət, ticarət və sənaye sektorlarına aid müəssisələrin işçilərinin əməkhaqqının bir hissəsinin ödənilməsi də çox mühüm addımdır. Fəaliyyətini dayandırmış müəssisələrin işçilərinə aprel ayına görə əməkhaqqı ödənişi bank hesablarına daxil oldu və bu, may ayında da davam edəcək. Dünyanın bir çox ölkəsində pandemiya ilə əlaqədar müəssisələrin öz fəaliyyətlərini dayandırdığı, işsizlərin sayının artdığı bir dövrdə Azərbaycanda məşğulluğun saxlanılması, işsizliyin qarşısının alınması çox əhəmiyyətli oldu. Dövlətin bu addımı atması bir daha sübut etdi ki, vergiləri şəffaf şəkildə ödəyən sahibkarlar uduzmayıblar və öz intizamlı davranışlarının bəhrəsini görürlər. 2019-cu ildə gizli şəkildə fəaliyyət göstərən vergi ödəyiciləri peşiman oldular. Onların adlıqları ibrət dərsi budur ki, kaş biz də şəffaf işləyəydik, vergilərimizi intizamla ödəyəydik. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bundan sonra vergi ödəyiciləri daha şəffaf fəaliyyət göstərməyə çalışacaqlar".
Səbuhi TURAN