May-dekabr aylarında Azərbaycanın neft hasilatı ümumilikdə 17,4 milyon barel azaldılacaq

2020.04.30 12:43 (UTC+04:00)

"OPEC+" çərçivəsində Azərbaycanda neft hasilatının müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbirlərin icrası SOCAR-a tapşırılıb.

SOCAR-dan bildirilib ki, aprelin 9-da "OPEC+" formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında COVID-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari il mayın 1-dən etibarən neft hasilatının gündəlik 9,7 milyon barel həcmində azaldılması barədə razılığa gəlib. Azərbaycan Respublikası "OPEC+" iştirakçısı kimi görüşdə iştirak edib və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürüb.

Razılaşmanın yeni şərtlərinin müzakirəsində Azərbaycan Respublikasını təmsil etməyə səlahiyyəti olan Energetika Nazirliyi razılaşmanın şərtlərini və respublikanın öz üzərinə götürdüyü öhdəlikləri açıqlayıb. Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilib və təklifin icrasının təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığı ilə SOCAR-a həvalə olunub.

"OPEC+" razılaşmasının şərtlərinə əsasən, ölkədə neft hasilatının müvəqqəti məhdudlaşdırılması bu ilin may və iyun ayları, cari ilin iyul-dekabr ayları arasında, 2021-ci ilin yanvar və 2022-ci ilin aprel ayları üzrə isə 620 min bareldən yuxarı olmamalıdır. Qeyd olunan göstəricilər yalnız xam neftin hasilatına aiddir. Məhdudiyyətlər qaz kondensatının hasilatına şamil edilmir.

Beləliklə, cari ilin may-iyun aylarında ölkə üzrə xam neft hasilatının 2020-ci il üzrə təsdiq edilmiş plan göstəricilərinə nisbətən gündəlik olaraq 96 min barel, iyul-dekabr aylarında 63 min barel, 2021-ci ilin yanvar və 2022-ci ilin aprel ayları arasında isə 30 min barel həcmində azaldılması nəzərdə tutulur.

SOCAR-ın "Azneft" İstehsalat Birliyi ilk dövrdə gündəlik hasilatı 17 min barrel həcmində azaldaraq 100 min barel səviyyəsinə endirməyi, sonrakı dövrdə tədricən artıraraq ümumi hasilata gündəlik 5 min barel, gələn ildən etibarən isə daha 6 min barelin əlavə edilməsini, beləliklə 2021-ci ildə ümumi neft istehsalının sutkada 111 min barrel səviyyəsinə çatdırılmasını özündə əks etdirən proqram hazırlayıb.

"Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76 min barrel azaldılması nəzərdə tutulur. Sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatda gündəlik 27 min barel, gələn ildən etibarən isə əlavə olaraq sutkada 26 min barel artıra biləcək. Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487 min barel proqnozlaşdırılır.

Digər əməliyyat şirkətləri hasilat səviyyəsini ilk dövrdə gündəlik 3 min barel azaldacaq, iyul-dekabr aylarında sutkada min barel, gələn il isə daha min barel artıra biləcək.

"OPEC+" razılaşmasından irəli gələn tədbirlər nəticəsində cari ilin may-dekabr aylarını əhatə edən dövrdə Azərbaycanın xam neft hasilatı ümumilikdə 17,4 milyon barel azaldılaraq 141,8 milyon barel təşkil edəcək. 2021-ci ildə ölkə üzrə bu göstərici 30,7 milyon ton və ya 226,3 milyon barel həcmində proqnozlaşdırılır. Qaz-kondensat yataqlarını istismar edən "Şahdəniz" konsorsiumunun və "Umid Babek Operating Company" əməliyyat şirkətinin karbohidrogen hasilatı, eyni zamanda, SOCAR-ın "Azneft" İB-nin və "Bahar Energy Operating Company Limited" əməliyyat şirkətinin kondensat hasilatı bu göstəricilərə daxil deyil.

2020-ci ilin sonunadək SOCAR-ın "Azneft" İB-də əməliyyat effektivliyini nəzərə alaraq bir neçə yataqda hasilatın müvəqqəti məhdudlaşdırılması və avadanlıqlarının sənayedə qəbul edilmiş tələblərə uyğun şəkildə konservasiya edilməsi planlaşdırılır. Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yatağın istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlılığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürüləcək. Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək olan neft və qaz yataqlarında istismarın dayandırılması, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən bəzi yataqlarda isə istismarın davam etdirilməsi nəzərdən keçirilir.

Hasilatın müvəqqəti məhdudlaşdırılması nəticəsində SOCAR-da sərbəstləşən işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqların texniki xidmətinə cəlb olunacaq. Odur ki, hazırda bəzi yataqların istismarının dayandırılması ilə bağlı işçilərin kütləvi surətdə ixtisara salınması gözlənilmir. Sərbəstləşən işçilər isə Kadrların Ehtiyat Bazasına (KEB) daxil ediləcək, onların SOCAR-ın müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görüləcək. Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-də mövcud olan işçilər hesabına yerləşdirilməsi, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün kadr hazırlığı mərkəzlərində təlimlərə cəlb olunması da nəzərdə tutulub.