Üç ayda "Azexport.az" portalına 147,7 milyon dollarlıq ixrac sifarişi daxil olub

2020.04.29 12:07 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında "Azexport.az" portalına 147,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir ki, martda isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 44,8 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 36,6 faiz artıb.

Bu ilin martında "Azexport.az" portalına ən çox ixrac sifarişi kartof, soğan, pomidor, tibbi tənzif, alma, sarımsaq, tütün, pambıq yağı, zəncəfil, mineral su, şərab, qənnadı məhsulları, çay, yumurta, nar şərabı, mebel, fındıq, tikinti materialı, boya, kosmetik vasitə, metal konstruksiya, bal, mebel dəsti və sair mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvarından bu il martın 31-nə kimi (39 ay ərzində) "Azexport.az" portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 732,5 milyon dollar təşkil edib.