Komitə sədri Tahir Mirkişili iclası açaraq gündəlik barədə məlumat verib. Bildirilib ki, iclasda Hesablama Palatasının 2019-cu ildəki fəaliyyəti ilə bağlı hesabat dinləniləcək.
Komitə sədri qeyd edib ki, Hesablama Palatasına verilən səlahiyyət ona audit işinin aparılması və dövlət büdcəsinə nəzarət imkanı verir.
Sonra palatanın sədri Vüqar Gülməmmədov hesabatı təqdim edib. O qeyd edib ki, 2019-cu ildə 47 audit 6 analitik fəaliyyət həyata keçirilib. 43 audit icmallaşdırılıb. Ötən müddətdə 561 nöqsan aşkar olunub ki, bu da əvvəlki illə müqayisədə 21 faiz azdır. V.Gülməmmədov bildirib ki, 2019-cu ildə 111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb. İntizam tənbehi ilə bağlı təkliflər müvafiq mərkəzi icra aparatlarına təqdim olunub. O əlavə edib ki, 2019-cu ildə ilk dəfə palata monitorinq fəaliyyəti həyata keçirib. Bundan başqa dövlət satınalmaları ilə bağlı 5 iş respublika prokurorluğuna göndərilib.