Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

2020.04.27 17:19 (UTC+04:00)

Aprelin 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Komitənin sədri Tahir Mirkişili gündəliyə 6 məsələnin daxil edildiyini bildirib. Komitə sədri diqqətə çatdırıb ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir. Gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə əlaqədar hazırlanıb. Məcəlləyə təklif edilən dəyişikliklər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Məsələ barədə məlumat verən Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov diqqətə çatdırıb ki, bu dəyişikliklərdə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır. Bununla bağlı Məcəlləyə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni on səkkizinci fəsil əlavə edilir.

Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur. Bundan başqa, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 2020-ci il 1 sentyabr tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir.

Mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergiödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Aydın Hüseynov, Vüqar Bayramov, Ağalar Vəliyev, Məşhur Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev məcəlləyə təklif olunan vergi güzəştlərini yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini veriblər.

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun səsləndirilən fikirlərə münasibəti dinlənildikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda, həmçinin “Dövlət rüsumu haqqında” qanuna biri ikinci oxunuşda, digəri isə üçüncü oxunuşda olmaqla iki dəyişiklik layihəsi, “Dövlət satınalmaları haqqında” Qanuna, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, həmçinin “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatıb.