Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin bərpa olunması, işçi qüvvələrinin saxlanması, vergi yükünün azaldılması ilə bağlı dövlət tərəfindən görülən genişmiqyaslı işlər və tədbirlər çox təqdirəlayiqdir. Təklif edilən güzəştlər, azadolmalar layihəsi də təsdiq edildikdən sonra normativ akt kimi qüvvəyə minəcək və sahibkarlar bundan tam yararlanacaqdır.
Layihə çox geniş sayda vergi ödəyicilərini əhatə edəcəkdir. Dəyişikliklərlə bağlı vergi ödəyiciləri özlərində nəyi araşdırmalıdırlar?
İlkin olaraq, vergi ödəyicisi fəaliyyət sahəsini dəqiqləşdirməlidir ki, azadolma və güzəştdən neqativ hallar üçün yararlanmasın. Vergi ödəyicisinin fəaliyyət sahəsinin həqiqətən də pandemiyadan zərər çəkmiş sahələrə aid olub-olmaması dəqiqləşdirilməlidir.
Pandemiyadan zərər çəkmiş sahələr layihədə ümumi şəkildə göstərilmişdir, tam siyahını isə Nazirlər Kabineti müəyyənləşdirəcəkdir.
Bundan əlavə, vergi ödəyicisi özünün statusunu müəyyənləşdirməlidir (yəni mikro, kiçik, orta və iri, sadələşdirmiş, gəlir vergisi, mənfəət vergisi ödəyicisi və s.). İcarəyəverən şəxslər də icarə münasibətlərini dəqiqləşdirilməlidir.
Qeyd olunduğu kimi, layihə bir çox sahələri və geniş dairədə vergi ödəyicilərini əhatə edir. Bəs pandemiyadan bilavasitə zərər çəkmiş mənfəət və gəlir vergisi ödəyicilərinə hansı güzəştlər veriləcək?
Qaydalarda yazılıb:
Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.
Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
Azadolmaların tətbiqi sahələrinin dəqiqləşdilməsini bir neçə misal üzərində nəzərdən keçirək:
Misal 1. Tutaq ki, "AA" MMC pandemiyadan zərər çəkmiş fəaliyyətə aiddir. 2020-ci ildə torpaq vergisi 10.000 manat, əmlak vergisi də 50.000 manat olacaqdır. Sual meydana çıxır ki, vergi ödəyicisinə bu azadolma necə tədbiq ediləcək və hesabatlılıq necə olacaqdır? Yəni bir çox vergi ödəyiciləri elə başa düşə bilər ki, güzəşt və ya azadolma verilibsə, əlavə olaraq hesabatlılıq olmayacaq. Amma belə deyil.
Torpaq vergisi ilə bağlı 15 may 2020-ci ilə kimi hesabat verilməlidir. Orada 10.000 manat hesablama yazılacaq, eyni zamanda Vergi Məcəlləsində qəbul ediləcək müvafiq azadolma və ya güzəşt maddəsinə istinad edilməklə azadolma yazılacaq.
"AA" MMC-nin 2019-cu ildə əmlak vergisi ilə bağlı hesabalamaları olubsa, artıq müvafiq vergi orqanları rüblər üzrə cari hesablamaları müəssisənin şəxsi vərəqəsinə qeyd etməyəcəklər, amma MMC ilin sonunda 31 mart 2021-ci il tarixinə kimi 2020-ci ilin əmlak vergisi bəyannaməsini tərtib etməli və orada da müvafiq maddələrə istinad edərək azadolmanı yazmalıdır.
Burada vacib bir məqamı vurğulamaq istərdim ki, təklifdə vergi ödəmələri üzrə ödəmə müddətinin 1 il uzadılması nəzərdə tutulmayıb. Bu təklifdə konkret bir il müddətinə əmlak və torpaq vergisi üzrə tam məbləğdə azadolma göstərilib.
Misal 2. Birinci misalın davamı kimi nəzərə alaq ki, "AA" MMC 2020-ci ildə mənfəətlə işləmişdir və illik mənfəəti 100.000 manat olmuşdur. Bu halda onun mənfəətinə 75 faiz güzəşt verildiyindən yaranmış 75.000 manat mənfəətdən azaldılaraq 25.000* 20% = 5000 manat mənfəət vergisi hesablanacaqdır.
Yuxarıdakı məsələlər təkcə hüquqi şəxslərə yox, gəlir vergisi ödəyicisi olan pandemiyadan bilavasitə zərər çəkmiş fiziki şəxslərə də aiddir. Yəni fiziki şəxslərin də gəlir vergisinə eyni qayda ilə 75 faiz güzəşt veriəcəkdir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI