Vergi sistemindəki dəyişikliklər qlobal çağırışlara cavabdır

2019.02.02 12:57 (UTC+04:00)

Neftin yüksək qiymətlərlə satışı dövrünün başa çatması Azərbaycan iqtisadiyyatında da yeni sahələrin inkişaf etdirilməsini aktuallaşdırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, dünyada alternativ enerjinin sürətli inkişafı elə bir zəmin yaradıb ki, neftin qiyməti bir daha 4-5 il əvvəlki həddə qalxmayacaq. Ona görə də iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, ölkədə biznesin dəstəklənməsi və sahibkarlıq mühitinin təkmilləşdirilməsi vacib vəzifə kimi qarşımızda durur. Son dövrlər Azərbaycanda iqtisadi islahatların sürətləndirilməsi, o cümlədən vergi və gömrük sahəsindəki dəyişikliklər həm də həmin qlobal çağırışlara cavabdır.

Azərbaycanın gələcəyi yüksək texnoloji avadanlıqların tətbiqindən asılıdır

R.Quliyev qeyd edib ki, yaxın 15-20 il ərzində Azərbaycanda iqtisadiyyatın əsas ağırlığı kənd təsərrüfatı, nəqliyyat və yükdaşımalar, turizm sahələrinin üzərinə düşəcək. Rəqəmsal iqtisadiyyat isə bütün sahələr üzrə prioritet olacaq: “Cənubi Afrika Respublikasında 38 min fermer var və onlar 150 milyon əhalini ərzaq məhsulları ilə təmin edirlər. Əkinə yararlı torpaqları cəmi 20 faiz olan bu ölkədə 38 min fermer həm özlərini, həm də bütün Afrika regionunu kənd təsərrüfatı məhsulları ilə təmin edir. Biz Azərbaycanı da bu cür inkişaf səviyyəsinə çatdırmalı, yüksək texnologiyaların tətbiqi imkanlarını genişləndirməliyik. Bunsuz iqtisadiyyatı dirçəltmək mümkün deyil və Azərbaycanın gələcəyi yüksək texnoloji avadanlıqların tətbiqindən çox asılıdır”.

Millət vəkili yaxın gələcəkdə Azərbaycana qazanc gətirən sahələrdən biri kimi nəqliyyat və yükdaşımaların önəminin artdığını deyib. Onun fikrincə, gömrük və vergi sistemi də bu sahənin inkişafında az rol oynamır. Xüsusilə gömrük orqanları elə bir iş mexanizmi qurmalıdırlar ki, xarici yükdaşıyıcı şirkətlər Azərbaycana daha çox maraq göstərsinlər. Həmçinin hava və dəmiryol nəqliyyatı ilə Azərbaycana gələn turistlərin rahatlığı üçün lazım olan bütün addımlar atılmalıdır.

Elxan SALAHOV