Naxçıvanda ümumi daxili məhsul istehsalı 548 milyon 388 min manatı ötüb

2020.04.27 14:55 (UTC+04:00)

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin ilk rübündə davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 548 milyon 388 min 900 manat olub. Bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artaraq 1192,1 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,3 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,3 faiz təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk rübündə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 2,5 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 2,1 faiz artıb.