Dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi sahibkarın yükünü azaltmış oldu

2020.04.28 11:10 (UTC+04:00)

Rəşad Camalov, "ABC Telecom" MMC-nin maliyyə direktoru: "Ticarət obyektlərinin karantin rejimində bağlı olması orada çalışan bir çox əməkdaşımızın müvəqqəti işsiz qalmasına gətirib çıxarmışdır. Bu əməkdaşlarımızın əməkhaqqının bir hissəsinin dövlət tərəfindən ödənilməsi həm özəl şirkət olaraq bizim yükümüzü azaltmış, həm də əməkdaşlarımızın aprel ayı üzrə əsas tələbatlarının qarşılanmasına yardımçı olmuşdur. Bu çətin dövrdə hökumətin öz vətəndaşlarının və özəl sektorun yanında durmasını alqışlayır və dövlətimizinin başçısına bu təşəbbüsə görə minnətdarlığımızı bildiririk".

Azad Məmmədov "İrşad-İ.R" MMC-nin direktoru: "Pandemiyanın yayılmasına qarşı həyata keçirilən tədbirlərlə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq, bizim müəssisə də zərərçəkmişlərin arasındadır. Biz pərakəndə satış sahəsində fəaliyyət göstəririk və satış dayandığına görə çətinliklə üzləşdik. Buna görə maliyyə yardımı üçün müraciət etdik və operativ şəkildə dövlətin dəstəyindən yararlandıq. Lazım olan vəsait dərhal müəssisəmizin bank hesabına köçürüldü. Bu nəcib əmələ görə işçilərimiz adından dövlət başçısına təşəkkürümüzü bildiririk".

Elmar Cəfərov, "İndiqo" MMC-nin baş mühasibi: "COVİD-19 virusunun ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün cənab Prezident tərəfindən müəyyənləşdirilən qabaqlayıcı tədbirlər çərçivəsində sahibkarlara və vətəndaşlara dəymiş ziyanın qarşısının alınması məqsədilə maddi və mənəvi dəstək verilib. Şirkətimizə göstərilən maddi dəstəyə görə ölkə rəhbərliyinə kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk. Bu addımın atılması ölkəmizdə düzgün iqtisadi siyasətin aparıldığını bir daha sübut edir".