Neftin qiymətinin uzun müddət 20 dollar ətrafında olacağı ehtimal edilir

2020.04.25 16:32 (UTC+04:00)

Hazırda qiymətlər 15-20 dollar civarında dəyişsə də, bu, hasilatçı ölkələr üçün sərfəli deyil. Analitiklər bildirir ki, neftin qiymətinin kəskin ucuzlaşmasının kökündə koronavirus dayanır. Bu virusun yayılmasının qarşısının alınması üçün bütün dünyada karantin elan edilib. Nəticədə, insanlar avtomobillərdən istifadə etmir, təyyarə reysləri, demək olar ki, tam dayandırılıb, ən əsası da sənayedə istehsalat azalıb. Bütün bunlar bazarda neft bolluğu yaradıb. Artıq demək olar ki, bütün anbarlar dolub və şirkətlər artıq həcmləri saxlaya bilmir.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədovun sözlərinə görə, neftin qiyməti ilə bağlı proqnozlar nikbin deyil. Ən yaxşı halda, qiymətlərin hələ uzun müddət 20 dollar ətrafında dəyişəcəyi ehtimal edilir: "Neft qiymətlərində azalma prosesi uzunmüddətlidir, bu proses dünya iqtisadiyyatında baş verən proseslərlə, dünya iqtisadiyyatının yeni və son onilliklər ərzində ən dərin böhran dövrünə keçməsi ilə ciddi şəkildə bağlıdır. Böhran özünü bir tərəfdən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün addımlar atılmasında, digər tərəfdən də dünya bazarında neftə tələbin kəskin şəkildə azalmasında göstərir. Neftə olan tələb gündəlik 100 milyon bareldən 30 milyon barelə düşüb, tələb və təklif arasında böyük fərq yaranıb. Təbii ki, bu proseslərin Azərbaycan iqtisadiyyatına da müəyyən təsirləri olacaq. Ölkədə yeni çağırışlara uyğun iqtisadi model formalaşdırılacağına və ölkə rəhbərliyinin siyasi iradəsinin Azərbaycanın xarici iqtisadi şoklardan maksimum dayanıqlı çıxmasına şərait yaradacağına inanıram".

Səbuhi TURAN