Dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq

2020.04.25 15:17 (UTC+04:00)

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

Qeyd olunur ki, bu tədbir nəticəsində 1,1 milyard manat həcmində ipoteka krediti üzrə 23 minədək sayda borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. Martın 1-dək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası sentyabrın 30-dək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100 faizdən 50 faizədək azaldılması barədə qərar qəbul edilib.