Banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqları 50 faizədək endirilir

2020.04.25 14:00 (UTC+04:00)

Sentyabrın 30-dək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqları 50 faizədək endirilir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

Bildirilir ki, iqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsini nəzərə alaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə sentyabrın 30-dək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50 faizədək endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50 faizə qədər endirilməsi tədbirləri nəzərdə tutulur.