Koronavirus böhranı çərçivəsində Avropa İttifaqı şirkət və üzv dövlətlərə kredit formasında 540 milyard avroyadək yardım edəcək.
Barəsində bir neçə həftədən bəri müzakirələr aparılan müvafiq paket İttifaqa üzv dövlətlərin maliyyə nazirlərinin videokonfransında razılaşdırılıb. Böhran Fondu adı alan yardım mexanizmi üç əsas istiqamətdə maliyyə dəstəyi göstərəcək; iş yerlərinin qorunub saxlanması, kiçik və orta sahibkaralara və eləcə də pandemiyanın ağır zərbə vurduğu İtaliya və İspaniya kimi dövlətlərə yardım. Üçüncü istiqamət üzrə vəsaitlər hələ maliyyə böhranı dövründə formalaşan Avropa Sabitlik Mexanizminin (ESM) kredit şərtləri əsasında təqdim olunacaq. Maliyyə böhranı dövründən fərqli olaraq, bu dəfə həmin mexanizm çərçivəsində vəsaitlər almaq istəyən ölkələr ölkə iqtisadiyyatında hansısa qənaət proqramları həyata keçirmək öhdəliyi daşımayacaqlar. Bu zaman əsas şərt vəsaitlərin birbaşa və ya dolayısı ilə səhiyyə sistemi üçün xərclənməsini təmin etməkdir. Ümumilikdə bu istiqamətdə 240 milyard avro həcmində kreditlər verilə bilər və müraciət edən hər bir ölkə ümumdaxili məhsulunun iki faizi həcminədək kredit alma imkanı əldə edəcək.
Avropa Komissiyasından mətbuata verilən məlumata görə, Koronavirus Böhranından sonra İqtisadiyyatın Yenidən Qurulması Fondu adlı mexanizm üzərində iş gedir. Həmin fondun vəsaitlərinin 1,5 trilyon avro olacağı ehtimal olunur. Avropa Komissiyası mayın 6-dək 2021-2027-ci illər üzrə Uzunmüddətli Maliyyə Çərçivəsi (MFR) ilə bağlı yeni təkliflərini təqdim edəcək və həmin təkliflərdə bu fond barədə daha ətraflı məlumatların yer alacağı gözlənilir.