Fiskal yükün azaldılması makroiqtisadi inkişafa təkan verəcək

2020.04.27 12:29 (UTC+04:00)

Vergilərlə bağlı İqtisadiyyat Nazirliyinin hazırladığı təkliflər paketi ölkə iqtisadiyyatının xarici şokların təsirindən qorunmasına zəmin yaradır. Sistemli hazırlanmış təkliflər paketi mühüm seqmentləri əhatə edir. İlk növbədə, sahibkarların sadələşdirilmiş vergi yükünün 50 faizindən azad olunması nəzərdə tutulur. Biznesin bu seqmentinin iqtisadi böhrandan daha çox əziyyət çəkdiyini nəzərə alındıqda vergi yükünün azaldılması önəmli addım kimi dəyərləndirilməlidir.

Mənfəət vergisi ilə bağlı 75 faiz güzəştin verilməsi biznesə özəl investisiyaların amortizasiya xərclərinin artırılmasına imkan yaradır. Dövlətin kapital qoyuluşlarının azalacağı indiki şəraitdə həmin xərclər itən kapital qoyuluşlarını əvəz edə biləcək resurslar kimi çıxış edə bilər. Biz görürük ki, özəl investisiyaların artımına, amortizasiya fondlarının genişlənməsinə kəskin ehtiyac yaranıb. Eyni zamanda, ölkə iqtisadiyyatında tədavül resurslarının artırılmasına böyük tələbat mövcuddur. Buna görə də mənfəət vergisi yükünün bu dərəcədə azaldılması milli iqtisadiyyatın inkişafına töhfələr verə bilər.

Təkliflər paketində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və mülkiyyətlərini icarəyə verən iqtisadi subyektlər üçün ayrıca güzəştlər nəzərdə tutulub. Onlara tətbiq edilən ödəmə mənbəyində tutulan 14 faizlik vergi yükünün 7 faizə endirilməsi işgüzar fəallığın xeyli dərəcədə qorunmasını stimullaşdırmağa xidmət edəcək.

Bununla yanaşı, sahibkarların əmlak və torpaq vergisindən azad olunması da olduqca mühüm məqamdır. Hesab edirəm ki, sahibkarların bu tip vergilərdən müəyyən müddət ərzində azad edilməsi bütövlükdə işgüzar fəaliyyətin qorunmasını təmin edəcək. Bu tip vergilərin hazırkı fors-major halında müəyyən müddət ərzində hesablanmaması sahibkarlıq mühitinin gələcək inkişafına zəmin yarada bilər. Eyni zamanda, bu həm də bütövlükdə milli iqtisadiyyatın maraqlarına cavab verir.

Təkliflər paketində sahibkarlara, biznes subyektlərinə sosial sığorta ödənişləri ilə bağlı güzəştlərin edilməsinin nəzərdə tutulması olduqca önəmlidir və fiskal yükün azaldılmasının bir istiqamətini təşkil edir. Bunun məqsədi, makroiqtisadi inkişafa nail olmaqdır. Dünya təcrübəsinə görə, iqtisadi idarəetmə baxımından makroiqtisadi tarazlıq və milli iqtisadiyyatda makroiqtisadi idarəetmə prioritet təşkil edir. Bu baxımdan, fiskal yığımlar deyil, iqtisadi inkişaf, eləcə də milli iqtisadiyyatın dayanqılılığı və qabaqlayıcı inkişafı prioritet olmalıdır. Beləliklə, fiskal yükün azaldılması sosial məna daşımaqla yanaşı, həm də makroiqtisadi inkişafa təkan verəcək.

Fərqanə ALLAHVERDİQIZI