Sahibkarlar Konfederasiyasında vergi güzəştləri ilə bağlı təkliflər müzakirə edilib

2020.04.24 13:39 (UTC+04:00)

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi müzakirə olunub.

ASK-dan bildirilib ki, konfederasiyanın vitse-prezidenti Zakir Nuriyevin sədrliyi ilə aparılan müzakirələrdə əsas təkliflərlə bağlı vergi üzrə mütəxəssis Zakir Kazımov çıxış edərək sahibkarlara məlumat verib. “Vergi Məcəlləsi”ndəki bəzi anlayışların dəqiq verilməsi, ƏDV, mənfəət vergisi ilə bağlı təklif edilən dəyişikliklərin izahı verilib.

Müzakirələr zamanı ianələrin vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə bağlı vergitutma mexanizmi, riskli vergiödəyicisi kateqoriyası ilə bağlı qarşıya çıxan problemlər üzrə konkret təkliflər dinlənilib. Müzakirələrin sonunda həmin təkliflərin vahid sənəd formasına salınaraq İqtisadiyyat Nazirliyinə və Milli Məclisə göndırilməsi qərara alınıb.