Birinci rübdə 139 yaşayış binası üzrə 6362 mənzilə təbii qaz verilib

2020.04.24 11:03 (UTC+04:00)

Yanvar-mart aylarında 139 yaşayış binası üzrə 6362 mənzilə təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, Prezident İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, mart ayı ərzində 29 yaşayış binası üzrə 1265 mənzil, cari ilin 3 ayı ərzində isə 139 yaşayış binası üzrə 6362 mənzil təbii qazla təmin olunub.