Koronavirus pandemiyasından zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlara göstərilən dövlət dəstəyi proqramlarından biri də onların əməkhaqqı fondunun bir hissəsinin dövlət tərəfindən qarşılanmasıdır. Bu tədbir 300 min nəfər muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Proqram 42 min vergi ödəyicisini əhatə edir.
Könül Məmmədova, "Günəş Körpələr Evi" MMC-nin direktoru: "Hazırda bütün dünya koronavirus pandemiyasına qarşı mübarizə aparır. Azərbaycan dövləti pandemiyanın ölkə iqtisadiyyatına təsirlərini minimallaşdırmaq üçün əhəmiyyətli addımlar atır. Bunlardan biri də pandemiyadan zərər çəkən sahibkarlara maddi dəstəyin göstərilməsidir. Zərər çəkən sahələrdən biri də məktəbəqədər təhsil sahəsidir. Biz onlayn qaydada müraciət etdik və operativ cavab aldıq. İşçilərimizin əməkhaqqının ödənilməsi üçün zəruri olan vəsait bank hesabımıza köçürüldü. Biz artıq həmin vəsaitləri əməkdaşlarımızın kart hesablarına köçürmüşük".
Rövşən İbrahimov, "Alltech Enginering" MMC-nin direktor müavini: "Topdansatış fəaliyyət növü ilə məşğul olduğumuz üçün karantin rejimi çərçivəsində fəaliyyətimizi dayandırmışıq. Dövlətimizin vaxtında tətbiq etdiyi dəstək proqramından biz də yararlandıq. İşçilərimizin əməkhaqqının ödənilməsi üçün hesabımıza 7 min 28 manat vəsait köçürüldü. Beləliklə, dövlətin yardımı və daxili imkanlarımızla işçilərimizin əməkhaqqını ödəyə bildik. Göstərilən dəstəyə görə dövlətimizə minnətdarıq".
Səbuhi TURAN