Beynəlxalq Valyuta Fondu pul siyasətində dəyişiklik edib

2020.04.24 15:10 (UTC+04:00)

Koronavirus pandemiyasının yayılması ilə əlaqədar dünyanın iqtisadi mənzərəsində, eləcə də dünya iqtisadiyyatına yön verən nüfuzlu beynəlxalq qurumların mövqelərində kəskin dəyişikliklər baş verməkdədir. Təklif olunan tədbirlərin əksəriyyəti dünya iqtisadiyyatının düşdüyü indiki mürəkkəb vəziyyətin daha da mürəkkəbləşməməsi üçün qabaqlayıcı səciyyə daşıyır.

Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatında baş verən prosesləri nəzərə alaraq koronavirusla mübarizə məqsədilə atılan addımların sarsıtmağa başladığı qlobal iqtisadi tabloda böyük bir siyasət dəyişikliyinə getmək qərarına gəlib. Normal şəraitdə maliyyə yardımı etdiyi ölkələrə vergilərin dərəcələrini aşağı salmağı tövsiyə edən BVF indi hökumətlərin sərvətlərə görə vergi tutması və ya mövcud vergilərin miqdarını artırması barədə təklif irəli sürüb.