Sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi təqdirəlayiq haldır

2020.04.27 10:39 (UTC+04:00)

Timur Yefimoviç Leznik, "Landau School" Ümumi Təhsil Müəssisəsi MMC-nin baş icraçı direktoru: "Ümumi təhsil müəssisələrini, liseyləri və gimnaziyaları əhatə edən müəssisəmiz İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya ilə keçən ildən fəaliyyətə başlayıb. Hazırda müəssisəmizdə 200-dən artıq işçi alışır.

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunması ilə əlaqədar müəssisəmiz də pandemiyadan zərər çəkmiş sahibkarlıq subyekti kimi dövlətimizdən maliyyə dəstəyi alıb.

Ölkə başçısının 2020-ci il 19 mart tarixli "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramların hazırlanması və icra edilməsini çox yüksək qiymətləndiririk. İstər əhalinin sağlamlığının qorunması, istərsə də ölkə iqtisadiyyatına pandemiyanın təsirinin minimallaşdırılması istiqamətində verilən qərarlar pandemiyanın yarada biləcəyi mənfi təsirləri qabaqlayır.

Ölkəmizin davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunması məqsədilə bütün gücü ilə çalışan və bu yolda sahibkarlara dövlət dəstəyini əsirgəməyən Prezidentimizə və hökumətimizə təşəkkür edirik".

Nazim Nəsibov, "JMR" MMC-nin Maliyyə departamentinin rəisi: "34 nəfər işçisi olan müəssisəmiz ona məxsus olan ticarət mərkəzinin ofis sahələrini icarəyə verməklə ondan əldə etdiyi vəsait hesabına fəaliyyət göstərir. Koronavirus pandemiyası ilə əlaqədar respublikamızın vətəndaşlarının sağlamlığını qorumaq məqsədilə tətbiq olunan karantin rejimində bizim müəssisəsinin də fəaliyyətinə ara verilib, mühafizə və nəzarətlə əlaqədar bir neçə işçilərimiz icazə ilə işə çıxır, bəzi işçilərimiz evdə qalmaqla işlərini internet vasitəsilə yerinə yetirir. Dövlətimizin başçısının göstərişi ilə işçilərimizdən bir nəfər belə işdən azad edilməyib, hamının əməkhaqqı da saxlanılır.

Belə ağır bir vaxtda sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi çox təqdirəlayiqdir. Müəssisəmizin bank hesabına bu ay 8.493,30 manat vəsait köçürülüb və işçilərimizin əməkhaqqının verilməsinə xərclənəcək. Kollektivimiz adından bu cür çətin və gərgin şəraitdə bizə göstərilən qayğıya görə dövlət başçısı İlham Əliyevə və hökumətimizə minnətdarlığımızı bildirirəm.