Azərbaycanın dayanıqlı enerji təminatı yaradılıb

2020.04.23 14:39 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, hazırda ölkədə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir və bunun nəticəsində Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac edir. Rəqəmlər onu göstərir ki, hazırda Azərbaycanın ehtiyatda ən azı 1000 meqavat generasiya gücü var: "Son illər enerji sektoruna yönəldilən investisiyalar elektrik enerjisi istehsalının genişlənməsinə, bu sahədə texnologiyanın yenilənməsinə imkan verib. Elektrik enerjisi ixrac edən ölkələrdən biri kimi Azərbaycanın hədəfi ondan ibarətdir ki, elektrik enerjisi ixracatının genişləndirilməsi ilə daha çox valyuta cəlb edilsin.

Azərbaycanın mövcud potensialının daha çox elektrik enerjisi istehsalı üçün zəmin yaratdığını nəzərə alsaq, bu potensialdan istifadə olunması, infrastrukturun inkişafı növbəti dövrlərdə də Azərbaycanın daha çox elektrik enerjisi ixrac etməsinə imkan verəcək. Eyni zamanda, Azərbaycan enerjinin əldə edilməsində ənənəvi mənbələrin azaldılması, alternativ enerji mənəbələrindən daha çox istifadə olunması siyasəti yürüdür. Xüsusilə günəş və külək enerjisi istehsalı üçün ölkəmizin geniş potensialı var. 2030-cu ilə qədər enerjiyə olan tələbin 1/3 hissəsinin alternativ enerji mənbələri hesabına ödənilməsi istiqamətində addımlar atılır ki, bu da Azərbaycanın enerji xəritəsinin dəyişməsinə, eləcə də ixrac imkanlarının genişlənməsinə zəmin yaradacaq".

Səbuhi TURAN