Dövlətin dəstəyi sahibkarlarda gələcəyə daha inamla baxmağa motivasiya yaradır

2020.04.25 11:53 (UTC+04:00)

Ahmet Kahveci, "KİS SAN PARKE LTD" nin direktoru: "Müəssisəmiz mebel və parket istehsalı ilə məşğul olur. İşimizdə çətinlik yaranmasına baxmayaraq, ölkə başçısının təşəbbüsünə qoşulub heç bir işçinin fəaliyyətinə xitam verməmişik. İşçilərin mart ayı üçün əmək haqlarını ödəyə bilsək də, aprel ayında ciddi problemlə üzləşəcəyimiz qaçılmazdır. Pandamediyadan zərər çəkən sahibkarlara hökumətin qərarı ilə maliyyə yardımından biz də bəhrələnmişik. İqtisadiyyat Nazirliyinin köməyi ilə əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı əsasında bank hesabımıza 18.790 manat vəsait daxil olub. Alınan yardım əməkhaqqının verilməsinə sərf edilərək 105 işçi arasında bölünüb. Bizim şirkət daim dövlətimizin qayğısını hiss edib. Bugünkü ağır şəraitdə də dövlət bizdən yardımını əsirgəmədi. Müəssisəmizin rəhbərliyinin və işçilərimizin adından dövlət başçısına minnətdarlığımızı bildiririk".

İlham Əhmədov, "Azərsüngər" MMC-nin direktoru: "Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (C0VID-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər bizdə böyük qürur yaradır. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi və pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi məqsədilə göstərilən qayğı və yardıma görə "Azərsüngər" MMC-nin bütün kollektivi adından dövlət başçısına təşəkkürümü bildirirəm".

Əzizağa Atayev, "Şok Elektro" MMC-nin direktoru: "Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bir çox istiqamətləri əhatə edən sahibkarlığa dövlət dəstəyi dövlətimiz üçün onun vətəndaşlarının həyatının, sağlamlığının və rifahının necə böyük əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bu tədbirlər biznesimizin sabitliyinin qorunmasına, fasiləsizliyinin təmin olunmasına öz töhfəsini verməklə, biz sahibkarlarda da inkişaf etmək, gələcəyə daha inamla baxmaq və yeni uğurlar qazanmaq üçün motivasiya yaradır. Bütün bunlar sahibkar-dövlət münasibətlərinin ağır sınaqdan üzüağ çıxmağının bariz nümunəsidir.

Sahibkarlara və vətəndaşlarımıza göstərdiyi diqqət, qayğı və dəstəyə görə müəssisəmizin kollektivi adından Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.