İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalı, "Worldef Business School" və "Worldef" şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, "My Broker" gömrük təmsilçiliyi ilə birgə "Distant "Amazon" və elektron ticarət təlimi" layihəsinə başlayır.
Mərkəzdən bildirilib ki, təlimdə iştirakçılara "Amazon" elektron ticarət portalında hesabın açılması, yüksək satış göstəricilərinə malik məhsulların müəyyən olunma mexanizmi, beynəlxalq elektron ticarət platformaları vasitəsilə etibarlı məhsul təchizatçılarının tapılması, məhsulların "Amazon" anbarlarına göndərilməsi, məhsulların "Amazon" platformasında düzgün siyahılanması, reklam strategiyasının müəyyən olunması, beynəlxalq logistika və daxili çatdırılma, Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun elektron ticarətdə gömrük əməliyyatları, digər müvafiq sənədləşmə və prosedurların aparılması, gələcəkdə dünya təcrübəsindən istifadə edərək elektron ticarətdə gömrük bəyanamələrinin tətbiqinin mümkünlüyü (ETGB), beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər zəruri məlumatlar tədris olunacaq.
Təlim "Zoom" tətbiqi vasitəsi ilə onlayn olaraq həyata keçiriləcək. Mövzular əsasən xarici ekspertlər tərəfindən ingilis, türk və Azərbaycan dillərində tədris olunacaq. Təlimdə iştirak üçün intermediate ingilis dili səviyyəsi, fərdi kompüter mütləqdir. Təlim mövzularının çoxluğunu nəzərə alaraq iştirakçıların sayında məhdudiyyətlər tətbiq oluna bilər. Təlimdə iştirak hüququ tələblərə uyğun gələn şəxslər arasında "Random.org" portalı vasitəsilə təsadüfi seçim əsasında təyin ediləcək.
Təlimdə iştirak üçün qeydiyyat linki: http://training.ereforms.org/
Təlimçilər: Orxan İsayev – "Worldef Business School" – direktor; Ayxan Qədəşov – "Azexport" – portalın meneceri; Cabir Kamranov - "My Broker" gömrük təmsilçiliyi - Satış şöbəsinin müdiri.