OECD vergi islahatlarında əsaslı irəliləyişlər olduğunu bildirib

2019.02.02 11:23 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yaydığı açıqlamada rəqəmsal iqtisadiyyat sahəsində böyük irəliləyiş olduğu bildirilib. İslahatların başlıca məqsədi elə bir vergitutma sistemi yaratmaqdır ki, həmin sistem daxilində yüksək texnologiyalı şirkətlər öz vergilərini şirkətin şöbəsini qeydiyyata aldırdığı yurisdiksiyanın vergi dərəcələri əsasında deyil, konkret ölkədə hər bir faktiki dövriyyənin daxil olduğu mənbədən ödəyə bilsinlər. Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, 100 ölkənin təmsilçilərinin görüşünün nəticəsi olaraq OECD bəyan edib ki, islahatın layihə variantı mart ayında müzakirə olunmaq üçün ictimaiyyətə təqdim olunacaq. Son qərar isə əvvəllər vəd edildiyi kimi, 2020-ci ildə veriləcək.

Yenidən başlanmış beynəlxalq məsləhətləşmələrdə diqqət islahatın iki baza prinsipi üzərində cəmləşdirilir. Həmin prinsiplər islahatın layihəsi üzrə analitik arayışa daxil edilib. Birinci prinsip "yüksək texnologiyalı transmilli şirkətlərin hazırkı vergitutma rejiminin rəqəmsallaşmanın dünya iqtisadiyyatına gətirdiyi dəyişikliklərə uyğunlaşdırılması"nı əhatə edir. OECD ekspertləri hesab edirlər ki, bu, sabit əlaqələrin müəyyənləşdirilməsi qaydalarına yenidən baxılmasını tələb edir. Başqa sözlə, burada konkret şirkət ilə konkret yurisdiksiya arasındakı əlaqə və konkret dövlətin ərazisində biznes aparılarkən gəlirin uçotunu nizamlayan qanunlar nəzərdə tutulur. İkinci baza prinsipi isə müxtəlif ölkələrdəki vergi dərəcələri ilə əlaqələndirilir. OECD-nin mövqeyinə əsasən, daha yüksək vergi dərəcələri qüvvədə olan ölkələrdə əldə edilmiş gəlirlər vergilərin aşağı olduğu yurisdiksiyalarda hesablanır ki, bu cür vəziyyətlərin yaranmasının qarşısı alınmalıdır. Təşkilatın açıqlamasında qeyd edilib ki, "ölkələr və yurisdiksiyalar öz vergilərinin, o cümlədən korporasiyalardan tutduqları vergilərin dərəcələrini müəyyənləşdirməkdə tam azaddırlar".