İradə Əliyeva, "Ayşən LTD" MMC: "Bizim əsas fəaliyyətimiz sərnişindaşıma ilə bağlıdır. Ölkədə elan olunmuş karantin vəziyyəti ilə bağlı olaraq əməkhaqqı və DSMF ödənişlərimizdə problem yarandığına görə 10 aprel 2020-ci il tarixində İqtisadiyyat Nazirliyinə müraciət etdik. Müraciətimizə operativ olaraq baxıldı, müəssisəmizə maliyyə yardımı edildi. Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə və sahibkarlara göstərilən daimi dəstəyə görə, dövlətimizin başçısına ürəkdən təşəkkür edirik".
İntiqam Adıgözəlov, "Azkontakt" MMC: "Müəssisəmiz əmtəə betonu istehsalı sahəsində fəaliyyət göstərir. Pandemiyanın yayılmasına qarşı həyata keçirilən tədbirlərə görə istehsal sahəmizdə işlərin tamamilə dayandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin sahibkarlara tövsiyəsini nəzərə alaraq işçilərimizdən heç kəs ixtisar edilmədi və heç kəs öz hesabına ödənişsiz məzuniyyətə göndərilmədi.
Müəssisəmizdə 140 işçi çalışır. Bu işçilərin əməkhaqqı ödənişi üçün maliyyə dəstəyi ilə bağlı müraciətimiz tez bir zamanda nəzərə alındı və müəssisənin bank hesabına 51.769,75 manat vəsait köçürüldü. Bu məbləğ işçilərin əməkhaqqını ödəməyə sərf ediləcəkdir.
Göstərilən maliyyə dəstəyinə görə müəssisəmizdə çalışan hər bir işçi adından dövlətimizə minnətdarlığını çatdırıram".